Gözüm bir alagöz xanıma düşdü

 

http://www.azeroo.com/pic.php?file_name=files/text_4654134.jpg&thumb=240&style=width

Son illər ölkəmizdə sahibkarlığın inkişafı gözəllik salonlarının sayını yetərincə artırıb. İndi hər bir qadın yaşadığı, yaxud işlədiyi yerin yaxınlığında, ən başlıcası cibinə uyğun səviyyədə gözəllik salonunun xidmətlərindən istifadə edə bilər. Ancaq çox təəssüf ki, evdar qadınlarımız gözəllik salonu məfhumundan özlərini kənarlaşdırırlar. Halbuki evdə oturaraq da gözəl qalmaq olar.

Gözəllik salonları sizə müxtəlif xidmətlər təklif edirlər. Burada siz saçınızı, dırnaqlarınızı, dərinizi qaydaya salmaqdan başqa hətta qışda dərinizi qaralda, bədən quruluşnuzu istənilən formaya sala, çox qısa saçlarınızı və dırnaqlarınızı bir neçə saata istədiyiniz qədər uzada, beləliklə, cavanlaşa bilərsiniz. Lakin bu, heç də o demək deyil ki, bu xidmətlərin hamısından mütləq istifadə etmək lazımdır. Ən vaciblərin nə olduğunu bilmək istəyirsinizmi? Eləsə, diqqətiniz bizdə olsun.

Ağarmayın, ay saçlarım, amandır!
Ən başlıcası saçdır. Hər bir qadın ayda bir dəfə mütləq saçının uclarını kəsdirməlidir. Çünki hətta kökü sağlam olan saç belə uzandıqca ucları haçalanır və xoşagəlməz bir şəkil alır. Üstəlik, müəyyən vaxtdan sonra belə saçlar uzanma qabiliyyətini itirir.
Əgər saçlarınız ağarmağa başlayıbsa, onda təkcə ucları kəsdirməklə kifayətlənmək olmaz. Ağarmış saçı ayda bir dəfə mütləq boyamaq lazımdır. Boya seçərkən onun təbii rəngdə olmasına diqqət yetirin. Əgər saçınıza dən düşməsi sizə xoş təsir bağışlayırsa və onları rəngləmək istəmirsinizsə, onda başınızı yuduqdan sonra "sinkalı" su ilə yaxalayın. Salonda mütləq müraciət etməli olduğunuz başqa bir xidmət isə manikür və pedikürdür. Manikür ayda ən azı iki dəfə, pedikür isə bir dəfə edilməlidir. Yayda pedikürün sayını artırmaq lazımdır.
Kosmetoloji xidmət 20 yaşını keçmiş hər bir qadın üçün vacibdir. Dəridə qırışlar məhz bu yaşdan sonra yaranmağa başlayır. Doğrudur, ilk illərdə diqqətlə baxmadan bunu görmək mümkün deyil, lakin illər keçdikcə bu qırışlar üzə çıxır və beləliklə sizi fakt qarşısında qoyur.
Qeyd edək ki, bütün bu xidmətlər istənilən salonlarda var. Təbii ki, salonu cibinizə uyğun seçə bilərsiniz. Adi salonlarda göstərilən xidmətlərin keyfiyyətinə şübhə etməyin. Ola bilər ki, burada xidmətin çeşidi az olsun, keyfiyyəti isə ən nüfuzlu salonlardan belə yüksəkdə dayansın.
Pəhriz haqqında indiyə qədər çox danışılıb. Bəziləri bunun lehinə, bəziləri isə əleyhinədir. Pəhriz məsələsində bir şeyi mütləq nəzərə alın ki, bu, mütləq və konkret qida rejimi deyil. Hər bir adam özü üçün fərdi şəkildə pəhriz seçə bilər. Əslində, bizim haqqında danışdığımıza pəhriz də demək olmaz. Bu, sadəcə, sağlam qidalanmadır. Təbii ki, burada iradə vacib amildir. Yeməyə qarşı zəifliyi olan insanlar pəhrizi də, sağlam qidanı da unutmamalıdır.
Əgər hamar, gözəl dəriyə, parlaq, gur saçlara, tükənməz enerjiyə malik olmaq istəyirsinizsə, onda təklif olunan gözəllik pəhrizi məhz sizin üçündür. Səhər yeməyi yüngül meyvə salatından və tənzimləyici içkidən ibarət olmalıdır. Meyvə salatını hazırlamaq üçün sizə "Herkules", yaxud mannı yarması, bal, ləpə və mövsümdən asılı olaraq, meyvələr lazımdır. Məsələn:
* 2 xörək qaşığı "Herkulesi" 4 xörək qaşığı qaynanmış soyuq suda isladın. 5-10 dəqiqədən sonra 1 xörək qaşığı bal, 200 qram əzilmiş giləmeyvə və 2 xörək qaşığı doğranmış ləpə əlavə edin.
* 2 xörək qaşığı mannı yarmasını 4 xörək qaşığı qaynanmış soyuq suda isladın. 5-10 dəqiqədən sonra sürtkəcdən keçirilmiş 2 kök, 2 xörək qaşığı bal və 2 xörək qaşığı doğranmış ləpə əlavə edin. Tənzimləyici içkiləri, adətən, qara çaydan və müalicəvi otlardan hazırlayırlar. Ot və çay qarışığı adi qaydada dəmlənilir. Müalicəvi otlardan itburnu, gicitkən, nanə, göyərti toxumları, çobanyastığı, kəklikotu istifadə oluna bilər. Quru otları qarışdırıb şüşə qabda saxlaya bilərsiniz. İçkini hazırlayarkən 1 stəkan qaynar su üçün 1 çay qaşığı ot və bir o qədər də qara çay götürmək lazımdır.
Səhər qəbul etdiyiniz qidanın tərkibi bu cür olarsa, cəmi bir aydan sonra nəticəni hiss edəcəksiniz. Bu cür qida sizi ehtiyacınız olan "B" vitaminləri ilə təmin edəcək. Bu vitamin qrupu saçın və dırnağın yaxşı uzanması ilə yanaşı, həm də üzün dərisi üçün çox vacibdir.
Nahar adi qaydada ola bilər. Birinci yemək olaraq bitki yağı əlavə olunmuş tərəvəz salatından başlayın. Tərəvəz salatını belə hazırlamaq olar:
* Çiy çuğunduru təmizləyin, əzilmiş sarımsaq və bitki yağı əlavə edin.
* Tər gicitkəni aşsüzənə yığıb üstünə qaynar su tökün. Tikanları zərərsizləşdikdən sonra onu xırda doğrayın və üzərinə duz, bitki yağı və doğranmış xiyar əlavə edin.
Bundan sonra suda qaynadılmış, ya da manqalda bişmiş toyuq əti, mal əti və yaxud balıq yeyə bilərsiniz. Duzun miqdarı mümkün qədər az olmalıdır.
Şamda çiy yerkökü, alma, armud, limon şirəsi, baldan hazırlanmış salat yeyin. Buraya 100 qram kəsmik, yaxud duxovkada bişmiş mal əti də əlavə edə bilərsiniz.
Bu pəhriz əsasən 2-3 həftə üçün nəzərdə tutulur. Nəticələr haqqında bəri başdan danışmaq lazım deyil. Bunu özünüz görəcəksiniz. Əgər pəhrizi tam saxlamaq istəmirsinizsə, onda adi qida rasionundakı hansısa gündəlik yeməyi bu salatlardan biri ilə əvəz edin. Həmin nəticəni bu yolla da almaq olar - lakin 2-3 həftəyə yox, 2-3 aya.
Pəhriz saxlayarkən mineral su, çay və ot dəmləməsi içmək olar.

Elə baxma, gözlərinə göz dəyər...
Gözləri ətraf mühitin təsirindən qoruyan qapaqlar, qaşlar və kirpiklər özləri də qulluğa ehtiyac duyurlar.
Kirpiklərə qulluq. Yuxudan öncə mütləq kirpiklərinizdən tuşu silin. Onları gənəgərçək yağı ilə masaj etmək çox xeyirlidir. Bunun üçün təmiz şotkanı yağa batırın və tam damcılamasını gözləyin. Sonra onunla kirpikləri darayın. Bunu ardıcıl etsəniz, kirpikləriniz sıxlaşar, parlaq və tünd olar. Kirpiklər, adətən, bir neçə aydan sonra təzələnirlər. Buna görə də kirpiklərinizin tökülməsindən narahat olmayın. Ancaq tökülən kirpiklərin əvəzinə yeniləri gəlmirsə, bu, artıq xəstəlikdir. Bu halda mütləq həkimə müraciət edin. Göz qapaqları üçün maskalar. Möhkəm yorulmaq, yuxusuzluq və yaşla əlaqədar dəyişikliklər nəticəsində göz qapaqları şişir, gözün altında isə torbalar əmələ gəlir. Bu zaman sizə cəfəri və kartofdan hazırlanmış maskalar və qızdırılmış zeytun yağından kompres kömək edər. Məsələn:
* Xırda doğranmış cəfərini gözünüzün üstünə qoyun və üzərini nəm pambıq, yaxud tənzif tamponu ilə örtün. Maskanın saxlanma müddəti 15 dəqiqədir. Çiy kartofdan da eyni cür maska hazırlamaq olar. Kartofu sürtgəcdən keçirmək lazımdır.
* Sürtkəcdən keçirilmiş çiy kartofa 2 çay qaşığı un və 2 çay qaşığı çiy süd əlavə edərək, maska düzəltmək olar.
* 1 çay qaşığı xırda doğranmış cəfərini 2 çay qaşığı xama ilə qarışdırın. Maskanı eyni qaydada göz qapaqlarının üzərinə qoyun.
İlıq zeytun yağını masaj edə-edə göz ətrafına çəkməklə vaxtsız qırışların qarşısını ala bilərsiniz.
Göz ətrafını cəfəri dəmləməsindən hazırlanmış buz kubu ilə masaj edin. Lakin bu zaman çox ehtiyatlı olun. Qaş düzəltdiyiniz yerdə göz çıxarmayın!
Qaşlara qulluq. Qaşların sıx və parlaq olması üçün onları da mütəmadi olaraq gənəgərçək yağına batırılmış fırça ilə daramaq lazımdır. Bitki yağlarından hazırlanmış kompres qaşlar üçün çox xeyirli vasitədir: pambıq tamponunu qızdırılmış bitki yağında isladıb 5-10 dəqiqəlik qaşların üzərinə qoyurlar.
Qaşlarınızdan əlavə tükləri təmizləyərkən ehtiyatlı olun. Dəridə cızıqların əmələ gəlməməsinə diqqət yetirin. Tükləri çıxma istiqamətində çəkin. Proseduranı başa çatdırdıqdan sonra qaşlara palıd qabığından, yaxud çobanyastığından hazırlanmış soyuq kompres qoyun.

 

نوشته شده در تاریخ چهارشنبه 23 دی 1388    | توسط: ائلمان ارسوی    |    | نظرات()